Osmandan başlayan yanlışlıq | Tural Bakuvinin yazısı

// Osmanlı türk dövləti deyildi

      Osmandan başlayan yanlışlıq    | Tural Bakuvinin yazısı
  20 May 2025    Oxunub:921
Nizami Gəncəvinin bir misra türkcə şeri yoxdur deyə, milli mənsubiyyəti mübahisə predmetidir. Yaxşı, hansı Osmanlı sultanının türkcə məktubu, qanunu var?!
Osmanlıların iki əsas hücum xəttlərindən biri Səfəvi türkləri olmasaydı, bəlkə də, bu gün İran fars mülkünə çevrilməzdi!

Biz oğuzlar (türkiyəlilər, azərbaycanlılar...) Malazgird döyüşündə Bizans imperatoru Romen Diogenin ordusunu məğlub edib, 15-20 min ailə ilə Anadoluya yerləşməyə başlayanda Anadoluda minillərlə yaşayan xalqların - yunanların, italiyalıların, hettlərin, ərəblərin, farsların, medlərin, kürdlərin, süryanilərin, frigiyalıların, alzilərin, kaskilərin və sair yüzlərlə avtoxton etnosların yurdları var idi. Şübhə yoxdur ki, gəlmə türk boyları onlarla qaynayıb-qarışmalı, ortaq etnik mənşə təşkil etməli idi.

Osmanlı dövlətinin etnik bünövrəsini də məhz bu qarışıq milliyyət təşkil edirdi. Təsəvvür edin ki, 11-ci əsrdə türklər 50-60 min nəfərlə yarımadaya gələndə orada 3-4 milyon insan yaşayırdı, cəmi bir əsr sonra isə yarımadanın əhalisi 6 milyon nəfərə çatmışdı. Sizcə bunun neçə faizini türklər təşkil edirdi?!

Ardından Osmanlı dövlətinin Balkan yarımadasına yürüşləri və orada yaşayan xalqların Osmanlıya tabeçiliyi dövrü gəlir. Sırf bunun nəticəsidir ki, qeyri-türk əhali Osmanlının dayağı olmağa başlayır, türk tayfaları isə arxa plana atılır...

Əmir Teymur Ankara döyüşündə İldırım Bəyazid ilə üz-üzə gələndə Osmanlıda yaşayan türk tayfaları (Qaramanoğulları, Dülqədiroğulları, Candarlıoğulları, İnaloğulları, Sarıxanoğulları və sair) Teymurun tərəfinə keçmişdilər. Maraqlıdır ki, Sultan Səlim də Anadoludakı türk bəyliklərini Qızılbaşların tərəfinə keçməkdə ittiham edirdi... Maraqlıdır, görəsən, niyə?!

Bəlkə səbəb budur ki, Səlim kürd-ərəb mənşəli Muhyəddin Məhəmməd İskiliplini (Süleyman Qanuninin şeyxülislamı Məhəmməd Əbu-Səudun atası) özünə şeyx-ül-islam təyin etmiş, o da Qızılbaşların qətlini halal buyuran fətva vermişdi?!

Yoxsa, səbəb budur ki, Səlim dövlətin qurucusu Atamanın (türk mənşəli addır) adını Osman edib, dövləti ərəb xilafətinə çevirmişdi?! Axı Ərtoğrulun oğlu, Orxanın atası olan birinin adı “Osman” olmamalı idi. Yeri gəlmişkən, bütün dünya onun adını hələ də Ataman olaraq bilir.
Yaxud bəlkə, Səfəvilərin hər dəfə təmiz türkcə yazdığı məktublara ərəb-osmanlıların farsca cavab yazdığı məktublardır səbəb?!

Osmanlı dövlətində türklər o qədər aciz, beşinci dərəcəli etnos idilər ki, heç bir sultan əsla türk mənşəli xanım almırdı. Hamısının arvadı rus, serb, yunan, italyan və sair ola bilərdi, amma türk yox! Bunun nəticəsidir ki, heç bir Osmanlı sultanı təmiz türk deyil! Çünki Osmanlı dövlətində türk xalqları “ətraki-biidrak” adlanırdı! Yəni, “axmaq, düşüncəsiz, dəli”...

Təsadüfi deyil ki, sultan lV Murad dövründə türklər barədə ağzına gələni yazan şair Nəfi bir dəfə abxaz paşa barədə nalayiq şer deyən kimi edam edilmişdi...

Nəhayət, zaman Osmanlının parçalanma dövrünə çatanda, hər xalq özünü öz adı ilə çağıranda, məsələn, ərəb “mən ərəbəm”, bolqar “mən bolqaram”, serb “mən serbəm” deyədə, İmperiya dağıldı və ortada yetim bir xalq qaldı: Türk!
Mustafa Kamal Paşa yerdə qalan xalqlardan 1000 il əvvələ qayıdıb, yenidən möhkəm dövlət qura bilmək üçün bu şüarı səsləndirdi: NƏ MUTLU “TÜRKƏM” DEYƏNƏ!

* Tural Bakuvu Tarixçi, bəstəkar


Teqlər: Osmanlı   Tarix  





Xəbər lenti